ALMATIDA III NAZİRLƏR KONFRANSINA HAZIRLIQ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş xəbərdə bildirilir ki, iclasda Mərkəzi Asiya regionu ölkələrinin əlaqədar dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Asiya İnkişaf Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, İslam İnkişaf Bankının, BMT-nin İnkişaf Bankının da nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq iqtisadi əməkdaşlıq departamenti direktorunun müavini Elşən Məmmədzadə təmsil etmişdir.
İclasda ÜTT-yə üzvlük, bu sahədə Çin, Monqolustan və Qırğızıstanın təcrübəsi, regional və ikitərəfli ticarət məsələləri müzakirə edilmişdir.
Almatıda Mərkəzi Asiyada İqtisadi Əməkdaşlıq üzrə yüksək səviyyəli rəsmilərin III Nazirlər Konfransına hazırlıq görüşü də keçirilmişdir. Görüşdə Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan və beynəlxalq maliyyə təsisatlarının nümayəndələri ilə yanaşı, iqtisadi inkişaf, nəqliyyat, yanacaq energetika nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Tədbirin məqsədi bu il oktyabrın 31-i-noyabrın 1-də Almatı şəhərində keçiriləcək III Nazirlər Konfransına hazırlıq məsələsinin müzakirə edilməsi idi.
Ümumi plenar sessiyadan sonra 4 istiqamət üzrə - ticarətin sadələşdirilməsi, ticarət siyasəti, nəqliyyat və energetika Koordinasiya Komitələrində iş davam etdirilmişdir.
Bu komitələrinin iclaslarında gömrük prosedurlarının sadələşdirilməsinə dair regional Proqramın hazırlanması, Ümumdünya Ticarət Təşkilatına daxilolma ilə bağlı məsələlər, regional nəqliyyat sektorunun yol xəritəsinin işlənib hazırlanması, su enerjisi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilmiş, üzv dövlətlərin iştirakı ilə Su Enerjisi Konsorsiumu haqqında Sazişin hazırlanması təklif olunmuşdur.
Aparılmış fikir mübadiləsi nəticəsində III Nazirlər Konfransında müzakirə edilməsi üçün nəqliyyat, ticarətin sadələşdirilməsi, energetika və gömrük sahəsində əməkdaşlıq ilə bağlı müvafiq hesabatlar hazırlanmışdır.