İQTİSADİYYAT
Altı ayda “Azərsu”nun 235 əməkdaşı təlimlərə qatılıb
![](/files/galleryphoto/2022/2/1200x630/16571905283871922302_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16571905291352556872_1200x630.jpg)
Bakı, 7 iyul, AZƏRTAC
İçməli su təchizatı və tullantı su sektorunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Azərsu” ASC tərəfindən təlimlər davam etdirilir. İçməli və tullantı su sektorunda həyata keçirilən layihələr çərçivəsində yeni istifadəyə verilmiş qurğuların və avadanlıqların istismarını yüksək peşəkarlıqla icra etmək üçün mütəxəssislərin bilik və bacarıqlarının artırılması prioritet vəzifələrdir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-iyun aylarında “Azərsu” tərəfindən müxtəlif mövzularda 4 təlim təşkil olunub. Təlimlərə müxtəlif idarə və müəssisələrin 235 nəfər əməkdaşı cəlb edilib. Təlimlər nəzəri və praktiki olaraq 2 istiqamətdə keçirilib. Nəzəri biliklərə yiyələnən təlim iştirakçıları iş prosesləri ilə əyani tanış olmaq imkanı qazanıblar. Təlim müddətində qazanılan bilik və təcrübə işlərin vaxtında, operativ və yüksək peşəkarlıqla icra etməyə imkan verir.
“Azərsu” ASC-də kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsi məqsədilə Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim və İnnovasiya Mərkəzi yaradılıb. Mərkəzdə mexanika, energetika, avtomatika və metrologiya, kompüter, coğrafi informasiya sistemi, SCADA, nəzarət ölçü cihazları kabinetləri fəaliyyət göstərir. Mütəxəssislərin praktiki biliklərinin artırılması məqsədilə burada təcrübə poliqonu inşa edilib.