ALTI AYDA GÖRÜLMÜŞ İŞLƏRƏ YEKUN VURULMUŞDUR
Müşavirəni Bakı şəhər BPİ-nin rəisi, polis general-leytenantı Məhərrəm Əliyev açdıqdan sonra məruzə ilə çıxış edərək şəhərdə 6 ay ərzində mövcud olan əməliyyat şəraitinin bəzi məqamlarına toxunmuş, ağır cinayət hadisələrinə, o cümlədən qəsdən adamöldürmə, adam oğurluğu, quldurluq, soyğunçuluq və sair cinayətlərə, onların açılmasına münasibətini bildirmişdir.
Məruzəçi qeyd etmişdir ki, ötən 6 ayda BPİ-nin Prezidentimiz İlham Əliyevin tövsiyələrindən irəli gələn tədbirlər planının yerinə yetirilməsi, Vətənə, xalqa məhəbbətlə və sədaqətlə xidmət şəhər polis orqanı əməkdaşlarının əsas vəzifələri olmuşdur.
Müşavirə iştirakçılarının nəzərinə çatdırılmışdır ki, ötən yarım ildə paytaxtda kriminogen durum daim BPİ rəhbərliyinin nəzarətində olmuş, qanunsuz kütləvi aksiyaların keçirilməsinə, təxribat hadisələrinin törədilməsinə imkan verilməmiş, ictimai asayişin mühafizəsi təmin edilmişdir.
General-leytenant M.Əliyev ölkəmizin Prezidenti İlham Əliyevin 30 iyun 2004-cü il tarixli Sərəncam və Fərmanı üzərində xüsusilə dayandı.
Bakı şəhər BPİ-nin rəisi müsbət işlərlə yanaşı, yol verilmiş nöqsanlar üzərində dayanmış, bir neçə qəsdən adamöldürmə cinayətlərinin bağlı qalması, əvvəllər ağır növ cinayətlər törətmiş şəxslərin tutulması ilə əlaqədar BPİ xidmətlərinin rəisləri və RPİ-lərin rəhbərlərinə ciddi iradlarını bildirmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tələb etmişdir.
BPİ-nin rəisi çıxışında bir sıra problem məsələlərə də toxunaraq buraxılmış nöqsanların aradan qaldırılması yollarını göstərmiş, xüsusilə ağır cinayətlərə, o cümlədən adam oğurluğuna qarşı daha kəsərli mübarizə aparılmasını nəzərə çatdırmış, terror aktları barədə anonim zənglərin və digər xəbərlərin yoxlanılmasını tələb etmişdir. Hər bir xidmət sahəsinin qarşısında konkret vəzifələr qoyan M.Əliyev şəxsi heyətdən tələb etmişdir ki, sayıqlığın itirilməsi yolverilməzdir. Şəxsi heyət arasında sağlam münasibətlərin zəruriliyini qeyd edən M.Əliyev polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı kobudluğa və nəzarətsizliyə yol verilməməsini, ərizələrə və şikayətlərə baxılarkən vətəndaşların hüquqlarının qorunmasını tələb etmişdir.
O vurğulamışdır ki, sürücülərin yol nişanlarının tələblərini pozmaları, avtomobilləri səkilərdə saxlamaları, avtoxuliqanlıq etmələri, sürət həddini aşmaları ciddi narahatlıq doğurur. Yol polisinin əməkdaşları isə belə sürücülərə qarşı laqeydlik göstərirlər.
M.Əliyev qeyd etmişdir ki, polis sahə müvəkkilləri neft-qaz kəmərlərinin üstündə, yüksəkgərginlikli elektrik xətlərinin altında inşa edilən qanunsuz tikililərə göz yumurlar. BPİ-nin rəisi yerli polis orqanlarının rəhbərlərindən tələb etmişdir ki, bu məsələlərə əsaslı surətdə öz münasibətlərini dəyişməlidirlər.
Məruzə ətrafında çıxış edənlər - CAİ-nin rəisi R.Qəniyev və QŞŞ-nin rəisi F.Məmmədov, NMŞ-nin rəisi N.Xəlilov, Binəqədi RPİ-nin rəisi N.Nağıyev, Xətai RPİ-nin rəisi M.Məmmədov, Əzizbəyov RPİ-nin rəisi Ə.Əhmədov tabeçiliklərində olan əməkdaşlar tərəfindən 2004-cü ilin qalan dövrü ərzində cinayətkarlığa qarşı mübarizənin daha yüksək səviyyədə təşkil olunacağı barədə BPİ-nin rəhbərliyini əmin etmişlər.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsini özünütənqid ruhunda keçirdiyini, qazanılan uğurlarla yanaşı, buraxılmış nöqsanların diqqətə çatdırılmasını, onların həlli yollarının göstərilməsini müsbət qiymətləndirmiş, paytaxtın Polis Qarnizonunun cinayətkarlıqla mübarizədə, asayişin qorunması sahəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd etmişdir.
General-polkovnik R.Usubov daha sonra demişdir ki, respublikanın paytaxtında qayda-qanun yaratmaq, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparmaq, əlbəttə, asan məsələ deyildir. O vurğuladı ki, əmin-amanlığın, asayişin qorunması, ilk növbədə, BPİ rəhbərliyi başda olmaqla şəxsi heyətin üzərinə düşür. Polis general-polkovniki R.Usubov ümummilli liderimiz Heydər Əliyevin başladığı işin uğurla davam etdiyini, ölkəmizin Prezidenti İlham Əliyevin DİO-nun əməkdaşlarına qayğı ilə yanaşdığını, məvaciblərinin artırıldığını, 2004-2008-ci illərdə onların sosial vəziyyətini yaxşılaşdırmaq və digər məsələlərə dair Dövlət Proqramını təsdiq etdiyini diqqətə çatdırdı. Nazir qeyd etdi ki, xalqımızı irəli aparan ideyaların həyata keçirilməsində hamı, o cümlədən polis əməkdaşları fəallıq göstərməlidirlər. Nazir əmin olduğunu bildirdi ki, respublika daxili işlər orqanları, onun qabaqcıl hissəsi olan Bakı Polis Qarnizonu da tarixi məsuliyyətini daim hiss edərək, cinayətkarlıqla uğurlu mübarizə, asayişin nümunəvi qorunması işində səylərini əsirgəməyəcəkdir.
General-polkovnik R.Usubov nöqsanları və onların həlli yollarını göstərərək tövsiyələrini verdi. O tələb etdi ki, Bakıda baş vermiş və ictimai əks-səda doğurmuş cinayətlərin açılması üçün daha təsirli tədbirlər görülməlidir. O qeyd etdi ki, dəfələrlə deyilməsinə baxmayaraq, bəzi əməkdaşlar geyim formasına, davranış qaydalarına riayət etmirlər. Belə hərəkətlər isə, ümumən, polisin adına xələl gətirir. Belə hallar aradan qaldırılmalıdır. Bütün polis əməkdaşları, xüsusən də rəhbər vəzifəli şəxslər vətəndaşların müraciətlərinə diqqətlə, həssaslıqla yanaşmalı, onların ehtiyaclarının, problemlərinin öyrənilməsinə ciddi fikir verməlidirlər.
Sonda daxili işlər naziri Bakı polisinin müsbət işini bir daha vurğulamaqla, ölkəmizin Prezidentini əmin etmişdir ki, polis əməkdaşları uğurlu işlərini davam etdirəcəklər. Bundan sonra da dövlətimizin rəhbərinin yüksək etimadını doğruldacaq və günün tələbləri səviyyəsində xidmət aparacaq, əvvəlki 11 ildə olduğu kimi, 2004-cü ili də yüksək göstəricilərlə başa vuracaqlar.
Müşavirənin sonunda M.Əliyev respublika Prezidenti İlham Əliyevi, daxili işlər naziri R.Usubovu Bakı şəhər polisinin əməkdaşları adından əmin etmişdir ki, Qarnizonun şəxsi heyəti qüvvələri səfərbər etməklə onların qarşısında qoyulan vəzifələrin həlli üçün bütün bilik və bacarığını əsirgəməyəcək, cinayətkarlığa qarşı mübarizədə tam məsuliyyət hissi ilə çalışacaqdır.