ALTI ƏRƏB ÖLKƏSİ NÜVƏ DÖVLƏTİNƏ ÇEVRİLMƏK NİYYƏTİNDƏDİR
Həmin ölkələr Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) bu işdə onlara kömək göstərməyi xahiş etmişlər. BAEA-nın əməkdaşlarından biri bildirmişdir ki, ərəb ölkələrinin AES-lərə marağı onunla izah edilir ki, bu stansiyalar vasitəsilə dəniz suyunun şirinləşdirilməsi prosesi xeyli asanlaşır və ucuz başa gəlir. Bu isə ərazisinin əksər hissəsi səhra olan və quru iqlimi ilə fərqlənən Səudiyyə Ərəbistanı və Misir kimi ölkələr üçün çox vacibdir.
Adıçəkilən dövlətlərin hökumət nümayəndələri BAEA ilə nüvə məsələsinə dair məsləhətləşmələr aparmışlar. Agentlik atom enerjisindən dinc məqsədlərlə istifadə olunmasında ərəb dövlətlərinə kömək edəcəyini bildirmişdir.
Ekspertlərin fikrincə, ərəb ölkələri öz atom sənayesini təhlükəsizlik baxımından yaratmaq niyyətindədirlər. Məsələ bundadır ki, bu dövlətlər nüvə energetikasını uğurla inkişaf etdirən və buna görə də müsəlman aləmində liderlik iddiasında olan İrandan geri qalmamağa çalışırlar.
Bundan əlavə, İsrailin regionun atom texnologiyalarına malik yeganə ölkəsi olması Yaxın Şərq dövlətlərinin xoşuna gəlmir.