AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunda akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, iclasdan əvvəl AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev iştirakçıları Azərbaycanın seysmik təhlükəsizliyinin “robust noice” monitorinq sisteminin yarımnatur eksperimental maketi ilə tanış etmişdir.
Büro üzvlərinin, institut direktorlarının iştirak etdikləri iclasda FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
Tədbirdə ARDNŞ-in Elm Fondunun 2012-ci il üçün qrant müsabiqəsinin qalibi olmuş texnika üzrə fəlsəfə doktoru Fərhad Paşayev “Cənubi Qafqaz və Xəzər dənizi hövzəsində istismarı dayandırılmış neft quyularından seysmoakustik kanal kimi istifadə etməklə anomal seysmik proseslərin “robust-noice” monitorinq stansiyaları şəbəkəsinin yaradılması” mövzusunda məruzə ilə çıxış etmişdir. Stansiyaların Anomal Seysmik Proseslərin vaxtını və koordinatlarını təyin etməyə imkan verdiyini bildirən F.Paşayev bu stansiyalarda seysmoakustik siqnalların xarakteristikalarının qəbulu, sinxron analizi və indikasiyası üçün texnologiya, alqoritm və proqram vasitələrinin yaradıldığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, burada zəlzələ parametrlərinin neyron şəbəkələrinin tətbiqi ilə proqnozlaşdırılması üçün alqoritm və proqram vasitələri yaradılmışdır.
İclasda, həmçinin ARDNŞ-in Elm Fondunun ötən il üçün qrant müsabiqələrinin qalibləri olmuş AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Soltan Əliyevin “Durğun zonaların təyini, istismar və vurucu quyuların optimal yerləşdirilməsi üçün alqoritmlər və proqram təminatı”, fizika-riyaziyyat elmləri doktoru, professor Bilal Bilalovun “Neft quyularının istismarı zamanı lay təzyiqinin bərpası” mövzusunda məruzələri dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.
Akademik T.Əliyev, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov, AMEA Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov və başqaları suallarla çıxış etmişlər.
İclasda tanınmış alimlərin adına mükafatın təsis edilməsi, akademik T.Əliyevin “Yeni nəsil nəzarət-idarəetmə sistemləri” layihəsi müzakirə olunmuşdur.
Sonda bir sıra kadr məsələlərinə baxılmışdır.