ELM VƏ TƏHSİL
AMEA-nın Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, yığıncağı giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə elmlər doktoru Elbrus Əlizadə Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etmişdir. E.Əlizadə gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulayaraq, AMEA Rəyasət Heyətinin oktyabrın 17-də keçirilmiş iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qərarın qəbul olunduğunu bildirmiş, şuranın yaradılmasının əhəmiyyətindən, məqsəd və vəzifələrindən danışmışdır.
Sonra namizədliyi irəli sürülmüş gənclər səsvermə yolu ilə institutun yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına üzv seçilmişlər.
Tərkibi 30 nəfərdən ibarət olmaqla, institutun “Landşaft və landşaft planlaşdırılması” şöbəsinin əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova şuranın sədri, “Əhali coğrafiyası” şöbəsinin əməkdaşı Zaur Qasımov və “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” şöbəsinin əməkdaşı Rauf Əmənov isə sədrin müavinləri seçilmişlər.
Sonda çıxış edən institutun həmkarlar təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev və elmi katibi Luiza Salayeva gənc alimlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.