Amerikalı şagirdlər məktəblərdə silahlı zorakılığa etirazlarını bildiriblər
Vaşinqton, 15 mart, AZƏRTAC
Martın 14-də Vaşinqtonda ABŞ Konqresinin binası qarşısında orta məktəb şagirdlərinin silahlı zorakılığa və silah satışına etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Yetər!” şüarı ilə belə bir aksiya keçirmək təşəbbüsü Florida ştatının Parklend şəhərində Marcori Stounman Duqlas orta məktəbinin 17 şagirdinin 19 yaşlı Nikolas Kruz tərəfindən odlu silahla öldürülməsindən sonra irəli sürülüb.
Aksiya iştirakçıları 17 qurbanın xatirəsini 17 dəqiqəlik sükutla yad ediblər. Sonra Konqres binası qarşısında çıxış edərək, gələcəkdə belə faciələrin qarşısının alınması üçün qanunvericiləri müvafiq qanunlar qəbul etməyə çağırıblar. Aksiya iştirakçılarının şüarlarının çoxu silah saxlanılması qaydalarının liberallaşdırılmasını lobbiləşdirən Milli Atıcılıq Assosiasiyası əleyhinə yönəldilib.
Bütün ölkə ərazisində, o cümlədən Nyu-York, Çikaqo, Atlanta və Santa-Monikada, habelə 1999-cu və 2012-ci illərdə məktəblilərin kütləvi qətlə yetirildikləri Kolombayn orta məktəbində (Kolorado ştatı) və Nyutaun ibtidai məktəbində (Konnektikut ştatı) analoji aksiyalar keçirilib. Hökumətin belə faciələrin qarşısının alınması üçün heç bir tədbir görməməsi əleyhinə etiraz əlaməti olaraq minlərlə şagird səhər saat 10-da öz məktəbini tərk edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton