Məktəblilər Türk dünyasının ortaq dəyərlərini nümayiş etdiriblər
Bakı, 10 iyun, AZƏRTAC
Bakı şəhəri 156 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Türk dünyasına səyahət” tədbiri təşkil olunub.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Tədbirdə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Begenç Kakajanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, eləcə də idarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının mədəniyyətini, milli-mənəvi dəyərlərini və mətbəx nümunələrini əks etdirən guşələrə baxış keçirilib. Qonaqlar 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Çıxış edənlər Türk dünyasının ortaq tarixi, mədəni irsi və mənəvi dəyərlərinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayaraq, belə tədbirlərin türk dövlətləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etdiyini bildiriblər.
Sonra şagirdlər tərəfindən türk dövlətlərinin mədəniyyətini əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim olunub. Tədbir Milli Məclisin Mədəniyyət komitəsi, BŞTİ və Xəzər Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə keçirilib.