ANAMA Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təşkilatçılığı (ANAMA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, aksiya ətraf mühitin qorunmasına daim xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsini yad etmək, ağac əkməklə yaşıllıqların genişləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.
Dahi şəxsiyyət Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində keçirilmiş ağacəkmə aksiyasında ANAMA-nın rəhbərliyi, qurum yanında İctimai Şuranın üzvləri, “Sülhün Kökləri” təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn iştirak edib.
Hər zaman sülh və əmin-amanlıq, təbiətin sağlamlaşdırılması istiqamətində fəaliyyət göstərən Heidi Kühn ağacəkmə aksiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş yaşıllaşdırma işlərinə təşkilatı adından dəstəyini göstərib.