SİYASƏT
ANAMA-nın direktoru NATO-nun mənzil-qərargahında olmuşdur
Brüssel, 8 noyabr (AZƏRTAC). Noyabrın 7-8-də Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov NATO-nun mənzil-qərargahında olmuşdur.
Noyabrın 8-də NATO-nun Avratlantik Tərəfdaşlıq Şurası formatında keçirilən iclasda N.İsmayılov təqdimatla çıxış etmişdir. ANAMA-nın direktoru agentliyin bu günə qədər həyata keçirdiyi layihələrdən, o cümlədən Ceyrançöl ərazisinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində NATO ilə birgə həyata keçirilən “Ceyrançöl Sülh Naminə Tərəfdaşlıq” (SNT) Etimad Fondunun birinci mərhələsi çərçivəsində görülən işlərin gedişatı və gələcək planlar barədə məlumat vermişdir. Həmçinin bu iclas çərçivəsində “Ceyrançöl SNT” Etimad Fondunun ikinci mərhələsinin rəsmi açılışı da elan olunmuşdur.
Bundan əlavə, səfər çərçivəsində NATO-nun İnteqrasiya, Tərəfdaşlıq, Əməkdaşlıq və Əməliyyatlar idarələrində, o cümlədən bir sıra dövlətlərin NATO yanında daimi nümayəndəliklərində yüksək səviyyəli görüşlər keçirilmişdir. Bu görüşlərdə ANAMA-nın milli və beynəlxalq fəaliyyəti, o cümlədən xarici ölkələrdə həyata keçirilən layihələrə verdiyi töhfələr və gələcək layihələrdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Qeyd etmək lazımdır ki, ANAMA Azərbaycanın Əfqanıstana qeyri-hərbi sahədə töhfəsi çərçivəsində bu ölkənin Mina Təmizləmə Departamentinin nümayəndələrinə bir neçə dəfə təlim keçmiş və Əfqanıstanda ciddi problemlərdən olan və çoxsaylı insan tələfatına gətirib çıxardan mina hadisələri ilə mübarizəyə dair kitablar çap etdirib Əfqanıstan məktəblərinə hədiyyə etmişdir. Eyni zamanda ANAMA Gürcüstan III SNT Etimad Fondu çərçivəsində bu dövlətin müvafiq nümayəndələrinə təlimlər keçmişdir. ANAMA analoji təlimləri Türkiyə, Tacikistan və İordaniyadan olan ekspertlərə də keçmişdir.
NATO rəsmiləri ANAMA-nın belə çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirmiş və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirmişlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel