ANGELA MERKEL YAXIN ZAMANLARDA BUNDESVER KONTİNGENTİNİN ƏFQANISTANDAN ÇIXARILMASINI İSTİSNA EDİR
AZƏRTAC-ın xüsusi müxbiri Almaniya KİV-lərinə istinadla xəbər verir ki, Almaniyanın federal kansleri Angela Merkel ölkənin hərbi kontingentinin bundan sonra da Əfqanıstanda qalmasına tərəfdar olduğunu bildirmişdir. O, “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində demişdir ki, AFR hökuməti yaxın zamanlarda bundesverin sülhməramlı kontingentinin Əfqanıstandan çıxarılmasının mümkünlüyünü müzakirə etmir. Merkel demişdir: “Nə qədər ki, Əfqanıstan hökuməti və silahlı qüvvələri ölkədə özləri sabitlik yarada bilmirlər, bu məsələ Qərb sülhməramlılarının boynundadır”. Bununla belə, o vurğulamışdır ki, Əfqanıstanda Almaniya sülhməramlı kontingentinin gücləndirilməsi haqqında məsələ gündəlikdə deyildir. Almaniya kansleri demişdir: “Söhbət Əfqanıstanda alman əsgərlərinin sayını artırmaqdan getmir”.
Merkel öz müsahibəsində bildirmişdir ki, qoşunların çıxarılmasının vaxtı haqqında müzakirələr Əfqanıstanda vəziyyətin sabitliyini pozmaq istəyən qüvvələr üçün əlverişli olar, halbuki Berlin, əksinə, çalışır ki, Əfqanıstan tezliklə sabit hökumətə və ölkəni müdafiə edə biləcək orduya malik olsun. Merkel Əfqanıstanda vəziyyəti nizama salmaq üçün Pakistanı mühüm tərəfdaş adlandırmışdır. Onun dediyinə görə, ABŞ-ın yeni Prezidenti Barak Obama da bu qeyri-sakit ölkədə sabitliyin təmin edilməsi məsələsində yardım göstərə bilər.
Merkel İSAF-ın tərkibindəki sülhməramlıları “təhlükəsizliyin təminatçıları” adlandırmışdır. O vəd etmişdir ki, öz seçkiqabağı mübarizəsində bundesverin Əfqanıstan missiyasının davam etdirilməsi uğrunda çıxış edəcəkdir.