Antiinhisar siyasəti və istehlakçı hüquqları ilə bağlı geniş maarifləndirmə tədbirləri görülür
Ağdaş, 13 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Ötən il istehlakçıların maarifləndirilməsi məqsədilə 24 adda 55 mindən artıq buklet və yaddaş kitabçasının hazırlanaraq istehlakçılara paylanılması təmin edilib. Bundan başqa, ticarət qaydalarına əməl olunması ilə bağlı 560 mindən çox elektron ünvana bildirişlər göndərilib, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrndə istehlakçılar üçün faydalı olan maarifləndirici məlumatlar kütləvi informasiya vasitələrində yayımlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə yanvarın 13-də Ağdaşda "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfransda məlumat verilib.
Aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Xidmətin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb, Xidmətin həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə söz açıb.
Tədbirdə Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.
Həmin gün, eyni zamanda, Ağdaş rayonunda fəaliyyət göstərən, malları, işləri, xidmətləri dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik" mövzusunda təlim kursu keçirilib. Dövlət Xidmətinin əməkdaşları tərəfindən dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.