Aqrar Sığorta Fondu və ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb
Gəncə, 29 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə müasir aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu və ölkənin aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında təcrübə proqramları sahəsində əməkdaşlıq barədə memorandum imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun imzaladığı memorandum universitet və fond arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Sənədə əsasən qurumlar universitetin müəllim və tələbələri arasında elmi-praktik məlumatların inkişafının təmin olunmasında, sosial layihələrinin icrası, menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlərin təşkilində əməkdaşlıq edəcəklər.
Bundan başqa, universitetin tələbələri kənd təsərrüfatı və aqrar sığorta sahələri, bu sahələr üzrə həyata keçirilən işlərlə bağlı ətraflı məlumat alacaq, faydalı təcrübə proqramlarında iştirak edəcəklər.
Memoranduma əsasən, Aqrar Universitetin müvafiq ixtisaslarda təhsil alan tələbələrinin Aqrar Sığorta Fondunda təcrübə keçməsi, sözügedən sahələrdəki müasir dünya təcrübəsi ilə tanışlığı nəzərdə tutulur.
Həmçinin tələbələrə tədris ili ərzində istehsalat təcrübəsi, yay təcrübə proqramları keçiriləcək, təhsil müəssisəsini bitirmiş məzunların və xüsusi istedadlı tələbələr aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu və sistemin üzvü olan şirkətlərdə) işlə təmin olunacaqlar.
Eləcə də tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatların həyata keçirilməsi, konfransların, təlimlərin və seminarların təşkili və ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin birgə dəstəklənməsi planlaşdırılır.