REGİONLAR
Aqrar Universitetdə "Mobil laboratoriya"nın təqdimat mərasimi keçirilib
Gəncə, 14 mart, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə start götürən "Mobil laboratoriya" layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbir xəbər verir ki, tədbir zamanı ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov layihə iştirakçılarını salamlayaraq torpaqlarda məhsuldarlığın artımına, yüksək keyfiyyətin əldə edilməsinə nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini qeyd edib, universitet rəhbərliyi adından layihə iştirakçılarına uğurlar arzulayıb.
"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Sarvan Cəbrayılzadə çıxış edərək Aqrar İnkişaf Könüllülərinin yarandığı gündən fermerlərin yanında olduğunu, onlara ən yüksək səviyyədə dəstək olmağa çalışdığını bildirib. Təşkilatın sədri "Mobil laboratoriya" layihəsinin bu məqsədlərdən yaranan layihə olduğunu qeyd edib. Həmçinin layihənin digər əsas məqsədinin ölkədə innovativ və əvvəlcədən laboratoroji məlumatlı əkinin təbliğinə dəstək vermək, könüllülər vasitəsilə fermerlərin maarifləndirilməsini təmin etmək olduğunu, layihənin ilkin olaraq 3 pilot regionda Gəncə, Lənkəran və Şəkidə fəaliyyət göstərən könüllülər tərəfindən icra ediləcəyini vurğulayıb.
Daha sonra çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı, layihə rəhbəri Zöhrə Məmmədova layihənin fermerlərə gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılayacağını bildirib.
Qeyd edək ki, layihə iştirakçıları Abşeron Regional Mərkəzinin Aqrokimya mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərdə yeni cihazların istifadəsi haqqında daha ətraflı məlumatlar öyrəndikdən sonra, əkin sahələrində torpaqların müxtəlif keyfiyyət uyğunluqları üzrə analizlərini aparacaqlar.