Aqrar Universitetin alimləri Göyçayda bitkiçiliklə məşğul olan fermerlərlə görüşüblər VİDEO
Göyçay, 9 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyindən yararlanan göyçaylı fermerlər son illər taxılçılıq, meyvəçilik və tərəvəzçilik sahəsində xeyli uğur qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndə heyəti Göyçaya səfər çərçivəsində rayonda fəaliyyət göstərən torpaq mülkiyyətçiləri və fermerlərlə görüşüb.
Ali təhsil ocağının təcrübəli mütəxəssisləri əvvəlcə Göyçayın Cəyirli və Ləkçiplaq kəndlərindəki fermer təsərrüfatlarına baş çəkib, aqrotexniki becərmə ilə bağlı tövsiyələr veriblər.
Fermer Seymur Kazımov nümayəndə heyətinə uzun illərdir istixana şəraitində ekoloji cəhətdən təmiz, saf pomidor və digər tərəvəz məhsulları yetişdirdiyini bildirib. Qeyd olunub ki, Kürdəxanı Şitilyetişdirmə Müəssisəsindən gətirilən pomidor şitilləri aqrotexniki qaydalara uyğun olaraq əkilir. Təxminən 15 nəfər işçinin çalışdığı istixanada bitkinin becərilməsi yüksək səviyyədə aparılır. “Ralli” sortundan olan pomidor şitillərinin tozlanması arılar vasitəsilə həyata keçirilir. Daxili temperatura, damlama üsulu ilə suvarmaya, ziyanvericilərə qarşı mübarizəyə xüsusi önəm verilir.
Universitetin təcrübəli mütəxəssisləri istixanada görülən işlərdən, becərmə prosesindən razı qalıblar.
Göyçaylı fermerlər tərəvəzçiliklə yanaşı, baramaçılıq və intensiv meyvəçiliyin inkişafı istiqamətində atılan addımlar və əldə olunan nailiyyətlər barədə də məlumat veriblər. Diqqətə çatdırılıb ki, göyçaylı kümçülər 2016-cı illə müqayisədə ötən il 4,6 dəfə çox, yəni 5293 kiloqram barama tədarük ediblər. Bu sahədə yem bazasının yaradılması üçün kəndlərdə on minlərlə tut tingi əkilib. Mütəxəssislər tut tingi və meyvə bağlarının mövcud vəziyyəti ilə də yaxından maraqlanıblar.
Fermer təsərrüfatları və meyvə bağları ilə tanışlıqdan sonra Göyçay rayon Kənd Təsərrüfatı İdarəsində fermer və torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar keçirilib. Rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Nizami Seyidəliyev belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Aqrar Universitetin müəllimləri istixana şəraitində bitkilərin becərilmə texnologiyası, xəstəliklərin qarşısının alınması, tərəvəz bitkilərinin zərərvericilərdən qorunması və onlara qarşı mübarizə tədbirləri, meyvə bağlarında mövcud problemlər və onların həlli yolları, taxıl sahələrində aqrotexniki tədbirlərin təqvimi, taxılın zərərvericilərinə qarşı mübarizə yolları barədə ətraflı məlumat verib, fermerlərin suallarını cavablandırıblar.