AQTA: Peyvənd aparılacağı barədə fermer və ya ailə təsərrüfatının sahibi məlumatlandırılmalıdır
Bakı, 17 aprel, AZƏRTAC
Dövlət tərəfindən həyata keçirilən vaksinasiyalar sayəsində heyvanlar təhlükəli xəstəliklərdən qorunur və təsərrüfat daha təhlükəsiz olur. Peyvəndləmə aidiyyəti dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədən öncə hazırlıq görülməli, hansı xəstəliyə qarşı peyvənd aparılacağı barədə fermer və ya ailə təsərrüfatının sahibi məlumatlandırılmalıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən fermerə göstərilməlidir. Baytar mütəxəssis fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Peyvəndlənəcək heyvan klinik müayinə edilərək sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Vaksin yalnız tam sağlam heyvanlara vurulmalıdır. Xəstə, zəifləmiş və ya yüksək hərarəti olan heyvanları peyvəndləmək olmaz.
Bildirilib ki, peyvəndləmənin icrası zamanı hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Vaksinin növündən asılı olaraq (əzələdaxili, dərialtı və ya burun-ağız boşluğuna) istehsalçı təlimatında göstərilən dəqiq dozada vurulmalıdır. Heyvanda yarana biləcək allergik reaksiyalar və ya yan təsirləri izləmək üçün o, bir neçə dəqiqə baytar mütəxəssisin nəzarətində olmalıdır. Peyvəndləmə haqqında məlumatların uçotu qeyd edilməlidir. Fermerə bu barədə yazılı məlumat verməlidir.
“Qarşılaşdığınız hər hansı problem və ya sual üçün “1003 Çağrı Mərkəzi”nə müraciət edə bilərsiniz”, - deyə məlumatda vurğulanıb.