AQTA rəsmisi: Qurban bayramına hazırlıq işləri yekunlaşır
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində aparılan nəzarət tədbirlərini davam etdirir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.
O bildirib ki, respublika üzrə Qurban bayramı ilə bağlı heyvan kəsimi və ya satışı həyata keçiriləcək ünvanların siyahısı dəqiqləşdirilib.
Qalib Əbdüləliyevin sözlərinə görə, daimi kəsim məntəqələrinin fəaliyyət göstərmədiyi rayonlarda çadır tipli müvəqqəti kəsim məntəqələri qurulacaq. Respublika üzrə gün ərzində təxminən 10 min xırdabuynuzlu heyvanın kəsimi, ümumilikdə isə 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq.
Bundan əlavə, iri market və satış şəbəkələri tərəfindən də qurbanlıq heyvanların satışı və kəsimi ilə bağlı xidmətlər təklif olunacaq. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda da qurbanlıq heyvanların kəsimi təşkil olunacaq.