CƏMİYYƏT
AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən növbəti təlim sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Təlimdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıblar. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Təlimdən sonra iştirakçılar nümunəvi ictimai-iaşə müəssisəsinin fəaliyyəti, o cümlədən orada gigiyena qaydalarına əməl edilməsi vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, qanunvericiliyə əsasən, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Bu tələbə əməl edilməməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq və yoxlamalar zamanı uyğunsuzluq kimi qiymətləndirilir.
Xatırladaq ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.