ARAZ ƏZİMOV: ERMƏNİSTAN TORPAQLARIMIZI İŞĞAL ALTINDA SAXLAMAQLA ÖZ TƏHLÜKƏSİZLİYİNİ AZALDIR
Xatırladaq ki, təhlükəsizliyə dair ABŞ-Azərbaycan ikitərəfli dialoqu 1996-cı ildən başlamışdır. Dialoqun hər iki tərəfinin xarici işlər idarəsi başçılarının müavinləri səviyyəsində aparılması bir sıra siyasi, hərbi və təhlükəsizlik məsələlərini ciddi şəkildə müzakirə etməyə imkan verir. Çərçivə mexanizmi kimi xidmət edən dialoq zamanı tərəflər razılığa gəlir və müəyyən sahələrdə əməkdaşlıq istiqamətləri üzərində işləyir, daha sonra isə məsələ mütəxəssislərə verilir və işçi qrupları çərçivəsində reallaşdırılır.
Araz Əzimov Vaşinqtonda olduğu müddətdə Konqresdə, Milli Təhlükəsizlik Şurasında, ABŞ-ın Milli Müdafiə Universitetində də bir sıra görüşlər keçirmiş, Azərbaycanla ABŞ arasında siyasi-hərbi tərəfdaşlıq məsələlərinə dair müzakirələr aparmışdır.
O, ABŞ-Azərbaycan Ticarət Palatasında keçirilən “dəyirmi masa”da da iştirak etmişdir. Nazir müavini çıxışında bəyan etmişdir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, sabiq Sovet məkanında ən sabit və inkişaf etmiş ölkələrdən biridir. Xəzər hövzəsinin qapılarını dünyaya məhz Azərbaycanın açdığını xatırladan Əzimov, hazırkı hakimiyyətin ölkənin neft gəlirlərinin xalqın rifahına yönəldilməsi səylərindən söhbət açmışdır. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara inteqrasiya etdiyini bildirən Araz Əzimov iyundakı NATO-nun qarşıdakı zirvə toplantısından ölkəmizin gözlədiklərini açıqlayaraq demişdir ki, Alyans Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyü və təhlükəsizliyinə dəstəyini vurğulamalı, Azərbaycanla əməkdaşlığı ikitərəfli tərəfdaşlıq çərçivəsində davam etdirməlidir.
O, Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən Ermənistanı “yanlış xülyalar” yolundan çəkinməyə çağıraraq demişdir: “Münaqişə dondurulmayıb, hələ də davam edir. Biz müharibə ilə həll yoluna üstünlük verən dövlət deyilik, lakin məcbur edildiyimiz halda bundan istifadə edəcəyik”. Nazir müavini bildirmişdir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal altında saxlamaqla, bəyan etdiyi kimi, təhlükəsizliyini artırmır. Əksinə, belə vəziyyət Azərbaycan ictimaiyyətini daha da radikallaşdırır. Bu isə, müharibəni başlamaq ehtimalını artırır və Ermənistanın təhlükəsizliyini azaldır.
Araz Əzimov “dəyirmi masa”da iştirak edən hökumət, Konqres, qeyri-hökumət təşkilatları nümayəndələrinin və analitiklərin çoxsaylı suallarına cavab vermişdir.