ARDNŞ-də təqaüdlərin verilməsi üzrə müsabiqə komissiyasının iclası keçirilmişdir
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində ali təhsil müəssisələrinin tələbələrinə qurumun təqaüdlərinin verilməsi üzrə müsabiqə komissiyasının növbəti iclası keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda son müsabiqənin birinci turunun nəticələri müzakirə edilmişdir. İnsan resursları departamentinin şöbə rəisi Tural Əliyev bildirmişdir ki, 2010-2011-ci tədris ilinin birinci semestrinin nəticələrinə görə, ARDNŞ təqaüdünü almaq üçün 19 ali məktəbdən 1928 nəfər tələbə müraciət etmiş, müsabiqənin şərtlərinə cavab verən 1518 namizəd seçilərək imtahana buraxılmışdır. Müsabiqənin birinci turu çərçivəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məntiqdən keçirilmiş test imtahanından sonra, ARDNŞ-in müsabiqə komissiyasının ixtisas qrupları üzrə təyin etdiyi keçid ballarına əsasən 337 tələbə ikinci tura buraxılmışdır. Bu tura keçən tələbələr əsasən qazma, boru kəmərləri, ekologiya, energetika, avtomatika və informasiya-kommunikasiya texnologiyaları, iqtisadiyyat, geoloji kəşfiyyat, kimya-texnologiya, neft-mexanika və tikinti ixtisasları üzrə təhsil alan gənclərdir.
Müsabiqə komissiyasının rəhbəri, şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov təqaüd proqramının iştirakçısı olan namizədlərin düzgün seçilməsinin əhəmiyyətindən söz açmış, hazırda neft-qaz və neft-kimya sənayesi müəssisələrində daha çox ehtiyac duyulan ixtisaslar üzrə təhsil alan tələbələrin cəlb edilməsi zərurətindən bəhs etmişdir. Bu günlərdə başlanacaq ikinci turda müsabiqə komissiyasının üzvləri təqaüdə namizədlərlə fərdi müsahibələr keçirəcəklər.
ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi daşıyan bu layihəni 2004-2005-ci tədris ilindən həyata keçirir. İndiyədək respublikanın ali məktəblərində təhsil alan minlərlə tələbə şirkətin təqaüdlərinə layiq görülmüşdür. Təqaüdün aylıq məbləği 100 manatdır.