ARGENTİNADA ROBOTDAN İSTİFADƏ EDİLMƏKLƏ İLK CƏRRAHİYYƏ ƏMƏLİYYATLARI APARILMIŞDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Buenos-Ayresin mərkəzi klinikalarından birində robotdan istifadə edilməklə ilk cərrahiyyə əməliyyatı aparılmışdır. Leonardo da Vinçinin şərəfinə “Da Vinçi” adlandırılmış, çəkisi 1 ton olan robot-cərrah Argentinada hələlik yeganədir.
Klinikanın baş həkimi Oskar Damia demişdir: “Keçən həftə bu robotun köməyi ilə ölkəmizdə aparılmış prostat vəzinin bədxassəli şişinin kəsilib götürülməsi ilə bağlı beş əməliyyatın hamısı uğurlu olmuşdur. Yüksək dəqiqliyə malik texnikadan istifadə edilməsi cərrahi müdaxilə prosesini minimuma endirməyə və arzuolunan nəticəni təmin etməyə imkan vermişdir”.
Baş həkimin sözlərinə görə, klinika rəhbərliyi çoxdan belə bir robot-cərrah almaq arzusunda idi. “Da Vinçi”nin imkanları Argentinada ilk dəfə iki il bundan əvvəl - praktiki fəaliyyətlə məşğul olan cərrahların konqresi keçirilən vaxtda nümayiş etdirilmişdi. Klinikanın həkimləri robotun imkanlarından təkcə urologiyada deyil, həm də ürəkdə cərrahi əməliyyatlar zamanı istifadə etmək niyyətindədirlər.
Cərrahi müdaxilə zamanı robot mütəxəssisin xüsusi pult vasitəsilə idarə etdiyi dörd “əl” ilə işləyir. “Əllərdən” birinə quraşdırılmış videokamera bədənin əməliyyat aparılacaq hissələrinin üçölçülü təsvirini böyük monitora ötürür, orada təsvirin ölçülərini 20 dəfə artırmaq mümkündür. Robotun qalan üç əlindəki mikroskopik ölçülü cihazlar bədənin əlçatmaz hissələrində əməliyyatlar aparmağa imkan verir.
Robot-cərrahın dəyəri 1,5 milyon dollardır. Cənubi Amerikada bu cür aparatlar Argentinadan başqa yalnız Venesuelada və Braziliyada vardır.