ARI SÜDÜNÜN VƏ PROPOLİSİN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ BÖYÜKDÜR
Xəbər verdiyimiz kimi, oktyabrın 24-dən 30-dək Bakıda VII Respublika arı məhsullarının satış-sərgi yarmarkası keçirilmişdir.
Yarmarkaya İsmayıllı rayonundan gəlmiş arıçı Şükür Səfərov AZƏRTAC-ın müxbirinə arı südü və bərəmum (propolis) barədə məlumat vermişdir. Bu məlumatların maraqlı olduğunu nəzərə alaraq bəzisini oxucularımıza çatdırırıq.
Arı südünü cavan işçi arılar udlaq və üst çənə vəziləri vasitəsilə hazırlayır. Arı südü 3-5 günlük sürfələri yemləmək üçün istifadə olunur. Yemləmə müddətindən asılı olaraq sürfədən işçi arı və ya ana arı çıxır. Ana arı çıxmalı olan yumurta işçi arılar tərəfindən xüsusi, daha böyük hücrəyə qoyulur. İşçi arılar buradakı sürfəni arı südü ilə qidalandırırlar. İşçi arıların sürfələri isə arı südünü cəmi 3 gün qəbul edirlər. Bu, onların sonrakı inkişafını müəyyənləşdirir. Belə ki, yalnız arı südü ilə qidalanan “ana arı” sürfələri 5 gün tez yetişir, çəkisi işçi arılardan 2 dəfə çox olur. Adi işçi arılar 30-40 gün yaşadığı halda, ana arılar 8 aya qədər ömür sürürlər.
Propolis arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Bu, plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir. Propolisin tərkibində 50-55 faiz qatran, 30 faizə qədər mum, 8-10 faiz efir yağı və müxtəlif vitaminlər, mikroelementlərlə zəngin olan 5 faizə qədər çiçək tozcuğu vardır. Propolisin iltihab əleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, ümumi gücləndirici, immunostimulyator və s. təsiri vardır. Propolis fəal bioloji preparatdır və ona qarşı allergiya ola bilər. Həssaslığı yoxlamaq üçün propolisin məhlulundan bir qədər yumşaq damağa sürtüb, 30 dəqiqədən sonra onun reaksiyasını müəyyən etmək olar: əgər şişkinlik, qabarcıqlar və yandırıcı təsir aşkar edilərsə, deməli, propolisə qarşı allergiya vardır.
Propolislə, demək olar ki, bütün dəri xəstəliklərini, yaraları, mədə və onikibarmaq bağırsaq yaralarını, zökəmi, qripi, qulağın iltihabi xəstəliklərini və s. müalicə edirlər. Bunun üçün propolis təmiz formada, spirtdə məhlullar şəklində, məlhəmlərin, pastaların tərkibində və s. istifadə olunur.