ARXEOLOQLAR QƏDİM PETRANIN RƏMZİNİN MAHİYYƏTİNİ AÇA BİLMİRLƏR
Bu abidə saraydır, yoxsa şah sərdabası? Eramızın I əsrinin əvvəllərində tikilmiş bu binanın təyinatı barədə heç nə məlum deyil və bu sirri onun altında tapılan qəbirlərdə aparılmış qazıntı işləri də aça bilməmişdir.
Ehtimal ki, bu yerlər çox qədim zamanlardan məskunlaşmışdır. Tarixdən əvvəlki zəlzələ dağı nəhəng sığınacağa çevirmiş, burada köçərilər məskən salmışlar. Qumsallıqda itib-batmış şəhər 1812-ci ildə isveçrəli coğrafiyaşünas və səyyah Yohann Lüdviq Burkhardt tərəfindən aşkar olunmuşdur. Lakin o, şəhəri tapmaq üçün hiyləyə əl atmışdı, çünki səhranın sakinləri həmin yeri heç kəsə göstərmək istəmirdilər.
Petranın böyük qurucuları Ərəbistan yarımadasının sakinləri olan bədəvilər – nəbatilər olmuşlar. Onlar karvanlardan haqq almaqla varlanmışdılar. Qışda leysan yağışlar yağdığı üçün suyun bol olduğu və şəhərin mərkəzindən keçən çayı qidalandıran bulağın yerləşdiyi bu ərazilərdə eramızdan əvvəl təqribən 300-cü ildə məskunlaşmışdılar. Şəhərə 100 metr hündürlüyündə divarları olan 1200 metrlik dəhlizlə girmək olardı. Bəzi yerlərdə keçid elə dardır ki, heç Günəş şüaları da düşmür, ona görə də şamla keçmək məsləhət görülür. Həm də buradakı məzarları və divar oyuqlarını seyr etmək maraq doğurur.
Eramızın I əsrində tikilən teatrda 3 minədək tamaşaçı yerləşə bilərdi. Roma işğalından sonra burada imperatorların nəhəng heykəlləri ucaldılmışdı.
Qurbangahlara və monastıra isə daşlı cığırlar və yarımdağılmış pilləkənlərlə düşmək mümkündür. Mayın axırları - iyunun əvvəllərində İordaniyanın emblemi sayılan və ildə cəmi 25 gün çiçəkləyən qara süsənlərlə rastlaşmaq olar.