ARZU VƏ İSTƏKLƏRİMİZİN İFADƏÇİSİ
Azərbaycan radiosunun 80, televiziyasının 50 illik yubileyləri günündə çapdan çıxmış “Azərbaycan efiri: tarix və müasirlik” kitabı ümummilli liderimiz Heydər Əliyevin bu sözləri ilə başlanır.
Kitabda Azərbaycan milli radiosu və televiziyasının təşəkkülü, elektron KİV kimi formalaşması, çoxşaxəli mürəkkəb inkişaf yolu, yaradıcılıq baxımından və texnoloji cəhətdən keçdiyi tarixi mərhələlər işıqlandırılmışdır.
Kitabın müəllifləri Bakı Dövlət Universitetinin televiziya və radio jurnalistikası kafedrasının müdiri Yalçın Əlizadə və həmin kafedranın professoru Qulu Məhərrəmlidir.
“Nurlan” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabda, həmçinin radio və televiziyanın tarixini əks etdirən bir sıra yeni sənədlər, teleradionun ilk əməkdaşlarının xatirələri, Azərbaycanın görkəmli simalarının radio və televiziya haqqında fikirləri, efir və ekran tariximizin yada salınan xronikası, nadir fotoşəkillər toplanmışdır.
Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçi filologiya elmləri doktoru, professor Rafael Hüseynovdur.
Kitab “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti idarə heyətinin qərarı ilə nəşr edilmişdir.