ASAN AI Hub 7 beynəlxalq tərəfdaşla əməkdaşlıq memorandumları imzalayıb
Bakı, 6 fevral, Pərvanə Qafarova, AZƏRTAC
ASAN AI Hub 7 beynəlxalq tərəfdaşla əməkdaşlıq memorandumları imzalayıb. Yaxın dövr üçün prioritet bu tərəfdaşlıqları dərinləşdirərək birgə təlim proqramları, tədqiqat təşəbbüsləri və innovasiya layihələri vasitəsilə ölçüləbilən nəticələr əldə etməkdir.
Bu barədə AZƏRTAC-a müsahibəsində ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova deyib.
L.İbrahimova qeyd edib ki, birinci və ən vacib prioritet qabaqcıl beynəlxalq təcrübəni sistemli şəkildə ölkəyə transfer etməkdir. “Apolitical”, “MinnaLearn”, “AI Academy Asia”, “GenAI Works” və “Geneva Innovation Movement” kimi təşkilatlarla əməkdaşlıq çərçivəsində yüksəkkeyfiyyətli qlobal süni intellekt təhsili yerli icma üçün əlçatan edilib. Məsələn, Stanford Universitetinin professorları tərəfindən hazırlanmış və “Google” tərəfindən maliyyələşdirilən yeddi pulsuz süni intellekt təlim proqramı “Government AI Campus” vasitəsilə ASAN AI Hub istifadəçilərinə təqdim olunur. Bu proqramlar dövlət sektorunda süni intellekt anlayışını gücləndirir, məsuliyyətli tətbiqi dəstəkləyir və gələcəkdə institusional ehtiyaclara uyğunlaşdırılmış daha ixtisaslaşmış modulların birgə yaradılması üçün zəmin yaradır. Artıq 20-dən çox dövlət qurumu əməkdaşı bu təlimləri yekunlaşdırıb və beynəlxalq sertifikatlarını alıblar. Digər prioritet tətbiqi tədqiqatların inkişafı və ölkənin bilik əsaslı iqtisadiyyata keçidinin dəstəklənməsidir.
“Yaxın perspektivdə ASAN AI Hub çağırışəsaslı həllərin miqyasını genişləndirməyi, birgə tədqiqat və inkişaf layihələrini artırmağı, əlavə beynəlxalq tədqiqat sorğularını platformaya inteqrasiya etməyi və yerli və qlobal startaplarla əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Bu addımlar Azərbaycanın qlobal süni intellekt ekosistemində mövqeyini daha da möhkəmləndirəcək”, - deyə ASAN AI Hub-ın rəhbəri əlavə edib.