“ASAN xidmət” Bərdə və Tərtər rayonlarının sakinlərinə xidmət göstərir
Bərdə, 21 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) xüsusi avtobusu noyabrın 20-dən Bərdə və Tərtər rayonlarının sakinlərinə xidmət göstərməyə başlamışdır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzinin təsis edilmədiyi regionlarda əhaliyə xidmətlərin çatdırılması və vətəndaşların bu xidmətlərdən bilavasitə yerlərdə yararlanması üçün zəruri texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusda göstərilən səyyar xidmət sakinlər tərəfindən böyük razılıqla qarşılanır.
Səyyar xidmətin həyata keçirilməsində əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, insanların işinin maksimum asanlaşdırılmasıdır.
“ASAN xidmət”ə müraciət etmək istəyən şəxslər Bərdə şəhərinin mərkəzində quraşdırılmış elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçir, zəruri sənədləri təqdim edirlər. Xidmət yerindəcə göstərilir.
Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bura notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, torpaq kadastrı məlumatları barədə arayışların, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla), dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi daxildir.
Noyabrın 30-dək davam edəcək bu səyyar xidmətdən Bərdə və Tərtər rayonlarından 300 minə yaxın vətəndaş yararlana biləcəkdir.