Asif Verdiyev: Çaylarda sululuq artıb
Bakı, 13 aprel, AZƏRTAC
Aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
“Kür çayının yuxarı axınında, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 99 santimetr, su sərfi 2,1 dəfə, Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 45 santimetr, su sərfi isə 1,7 dəfə artıb. Kiçik Qafqazın ərazisindən axan çaylarda 23, Böyük Qafqaz çaylarında isə 26 faiz artım qeydə alınıb”, - deyə A.Verdiyev qeyd edib.
Mərkəzin direktorunun sözlərinə görə, nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi aprel ayının əvvəlindən bu günə kimi Yevlax məntəqəsində 17, Zərdabda 50, Surrada 23, Şirvanda 12, Salyanda 15, Bankədə 15, Araz çayının Novruzlu məntəqəsində isə 10 santimetr yüksəlib. Çayda suyun həcmi Yevlaxda 19, Zərdabda 31, Surrada 19, Araz çayının Novruzlu məntəqəsində isə 23 faiz artıb.
O bildirib ki, Kür çayının Surra məntəqəsində suyun həcminin artmasına baxmayaraq, aşağı ərazilərdə sudan müxtəlif sahələrdə istifadə ilə bağlı suyun həcmində azalma baş verir. Bu da Salyan və xüsusən də Neftçala rayonu ərazisində axının sürətinin azalmasına gətirib çıxarır.
Xidmət rəsmisi Xəzər dənizinin sahilyanı əraziləri üçün xarakterik olan şimal-şərq küləyinin güclənməsi zamanı yaranan dalğalanma nəticəsində Kür çayının məcrasında əks axın baş verdiyini və nəticədə çayda duzluluğun miqdarının artdığını da diqqətə çatdırıb. Belə ki, Kür-Bankə məntəqəsində aprelin 12-də çayda duzluluğun miqdarı 4,1 qram/litr, 13-də isə 6,3 qram/litr olub.