Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının liderləri pandemiyadan çıxış yollarını müzakirə edəcəklər
Tokio, 12 iyul, AZƏRTAC
Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) liderlərinin koronavirus pandemiyasının iqtisadi nəticələrinə həsr olunan görüşü Yeni Zelandiyanın sədrliyi ilə iyulun 16-da onlayn formatda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib.
Baş nazir qeyd edib ki, o, APEC ölkələrinin liderlərini daha sıx əməkdaşlıq etməyə, iqtisadiyyatın bərpası və davamlı inkişafı üçün fəal yardıma çağırmaq niyyətindədir: “APEC ölkələri pandemiyanın nəticələrini aradan qaldırmaq üçün birlikdə çalışmalıdırlar, çünki hamı təhlükəsizlikdə olmayınca, heç kim təhlükəsiz olmayacaq”.
O deyib ki, APEC ölkələri üzrə 50 milyondan çox virusa yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan bu səbəbdən həyatını itirib. Son 8 ayda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində hər gün 100 minlərlə yoluxma halı qeydə alınıb, 22 milyonadək insan koronavirus pandemiyasına görə yoxsul vəziyyətə düşüb. APEC ölkələri üzrə ümumi daxili məhsul 2020-ci ildə 1,9 faiz azalıb ki, bu da II Dünya müharibəsindən sonra ən böyük azalmadır.
Xatırladaq ki, APEC ölkələrinin təsisçiləri Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Koreya Respublikası və Yaponiyadır. Bundan əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam, Peru, həmçinin Çinin Syanqonq (Honkonq) və Tayvan əraziləri də daxildir.
Yeni Zelandiya APEC-ə sədrliyi 2020-ci ilin noyabrında qəbul edib. Cari ildə təşkilatın tədbirlərinin əksəriyyətinin onlayn formatda keçiriləcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio