ASİYANIN COĞRAFİ MƏRKƏZİNDƏ - TUVADA İSLAM
S.Markus yazır ki, Asiyanın coğrafi mərkəzində yerləşən, xarici aləmdən Sayan dağları ilə təcrid olunan bu respublika “türklərin qədim mədəniyyət qoruğudur”. Hazırda tuvalıların böyük əksəriyyəti “qara inam”a - “sarı inam”la, yəni burada lamaizmlə bir növ sintezdə olan şamanizmə etiqad edir. Lakin burada İslam sivilizasiyasının da izləri var.
Orta əsrlər Tuva torpaqlarında ilk müsəlmanlar Orta Asiyadan Çinə və oradan geriyə karvan yolları ilə gedib-gələn tacir və sənətkarlar kimi peyda olmuşlar. Xemçik çayının sağ sahilində, Barlıkın mənsəbləri yaxınlığında Saadak-Terek adlanan sahədəki qədim ticarət məntəqələrinin bütöv bir qəbiristanı aşkarlanmış və tədqiq edilmişdir. Burada bütün dəfnlər müsəlman adəti ilə həyata keçirilmişdir, antropoloji tip isə avropeiddir.
XIII-XIV əsrlər Tuva mədəniyyəti polietnik və çoxkonfessiyalı olmuşdur: burada şəhər mədəniyyəti - formaca Çin mədəniyyəti, yerli türkdilli sakinlərin mədəniyyəti, habelə ənənəvi köç düşərgələri vardı. Lakin hərbi-əkinçilik və sənətkarlıq şəhərləri ilə yanaşı, müsəlman tacirlərin ticarət faktoriyaları da meydana gəlmişdi.
İran mədəniyyəti və Hindistanın müsəlman hissəsinin mədəniyyəti, habelə uyğur və qırğızların İslamı qəbul edən hissələri tuvalılara əsrlər boyu təsir göstərmişdir.
Son vaxtlar Tuva gəncləri alkoqolizm, narkomanlıq və cinayətkarlıq təhlükəsi qarşısında xalqı sağlamlaşdırmağın təsirli vasitəsi kimi İslamı qəbul etməyin mümkünlüyü, əslində, zəruriliyi barədə geniş diskussiyalar aparırlar.