AŞPA ERMƏNİSTANA QARŞI SANKSİYA TƏTBİQ EDƏ BİLƏR
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunda Ermənistanda fevralın 19-da keçirilmiş prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunmuşdur.
Ermənistan üzrə xüsusi məruzəçi Con Preskot çıxış edərək bildirmişdir ki, araşdırmalar və yoxlamalar nəticəsində Ermənistanda prezident seçkiləri zamanı qarşıdurmada əvvəllər bəyan olunduğu kimi, 8 nəfər deyil, 28 nəfər həlak olmuşdur. Onlardan 8-i meydanlarda, qalan 20 nəfər isə sonradan xəstəxanada dünyalarını dəyişmişdir.
C.Preskot demişdir ki, nümayişçilərə qarşı döyüş üçün nəzərdə tutulmuş bütün vasitələrdən, hətta döyüş qumbaralarından da istifadə olunmuşdur.
Məruzədə Ermənistanda prezident seçkilərinə hazırlıq kampaniyası dövründə, xüsusən də səsvermənin gedişi və səslərin sayılması zamanı kobud qanun pozuntularına yol verildiyi, protokolların saxtalaşdırıldığı, seçki komissiyalarının üzvlərinə təzyiqlər göstərildiyi qeyd olunmuşdur. Bu ciddi qüsurların bir çoxunun Avropa Şurasının və ATƏT-in seçki müşahidə missiyasının üzvləri tərəfindən qeydə alındığı diqqətə çatdırılmışdır.
Büro müzakirələrdən sonra Ermənistanda baş vermiş hadisələrlə bağlı məsələnin aprelin 17-də AŞPA-nın plenar iclasında xüsusi müzakirəyə çıxarılması barədə qərar qəbul etmişdir. Büroda Ermənistanın AŞPA-da səs hüququnun dondurulması ilə bağlı təkliflər səslənmişdir.
AŞPA-nın plenar iclasında Ermənistanla bağlı qərar qəbul ediləcəyi gözlənilir.