Aşqarlar Kimyası İnstitutunun Lissabon Universiteti ilə əməkdaşlığı genişlənir
Bakı, 8 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimlərinin Portuqaliyanın Lissabon Universiteti ilə elmi əlaqələri genişləndirilir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun elmi işçisi İbadulla Mahmudovun Lissabon Universitetindən olan həmkarları ilə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdikləri müştərək tədqiqatlar zamanı əldə olunan mühüm nəticələrlə bağlı növbəti məqalə “New Journal of Chemistry” adlı nüfuzlu xarici jurnalda dərc olunub. Tədqiqat işi pirazol funksiyalı 1,3,5-triazopentadien ilə Co(II/III), Ni(II) və Cu(II) komplekslərinin sintezi, quruluşları və stirolun benzaldehidə oksidləşməsində tətbiqi imkanlarının araşdırılmasına həsr olunub. Tədqiqat nəticəsində yeni metal kompleksləri alınıb, onların rentgen quruluşu müfəssəl tədqiq edilib və bütün komplekslər stirolun benzaldehidə qədər peroksidləşdirici oksidləşməsi üçün katalizator kimi sınaqdan keçirilib.
Kimyanın yeni istiqamətləri ilə bağlı dünya alimlərinin apardığı tədqiqatlar zamanı əldə edilən fundamental və təcrübi yenilikləri yayımlayan bu jurnal “Web of Science” bazasında arxivləşmiş, impakt faktoru 3.925-ə bərabərdir.
Qeyd edək ki, İ.Mahmudov Portuqaliyanın Lissabon Universitetində həmin elm mərkəzinin Azərbaycandan olan tanınmış alimləri kimya elmləri doktoru Kamran Mahmudov və kimya üzrə fəlsəfə doktoru Ataş Qurbanovun rəhbərliyi altında təcrübə keçib. İndiyə qədər o, pirazol, N-benzil-, N-allilanilin əsaslı fizioloji fəallığa malik birləşmələr və onların metal komplekslərinin sintezi, tədqiqi ilə bağlı elmi-təcrübi araşdırmalar aparıb. Əldə etdiyi nəticələrdən bəhs edən üç məqalə impakt faktoru yüksək olan nüfuzlu xarici jurnalda çap olunub, iki məqalə hazırda çapdadır.