Astanada Madi Raimovun “ Aelin – qəlbində nur daşıyan qız” adlı uşaq kitabının təqdimatı olub
Astana, 15 iyun, AZƏRTAC
Qazaxıstanın Astana şəhərində qazax yazıçısı və ictimai xadim Madi Raimovun “ Aelin – qəlbində nur daşıyan qız ” adlı uşaq kitabının təqdimatı keçirilib. Türk dünyasına həsr olunmuş əsərlərin müəllifi kimi tanınan Madi Raimov uzun illər türk xalqlarının ortaq tarixini araşdırıb.
AZƏRTAC xəbər verir ki, tədbir Qazaxıstanın Milli Akademik Kitabxanasında təşkil olunub.
Madi Raimov öz əsərlərində Türk dünyasının mənəvi və mədəni birliyindən, türk xalqlarını birləşdirən ortaq köklərdən, tarixi yaddaşdan, adət-ənənələrdən və dəyərlərdən bəhs edir.
Müəllif yeni kitabı haqqında danışarkən bildirib ki, Türk dünyasında xüsusi qayğıya ehtiyacı olan uşaqların, onların hisslərinin, yaşantılarının və cəmiyyətdəki yerinin əsas mövzu olduğu əsərlər hələ də azdır. Onun sözlərinə görə, “ Aelin – qəlbində nur daşıyan qız ” kitabı bu mühüm mövzuya şəxsi həyat hekayəsi və bədii obraz vasitəsilə toxunmaq cəhdidir.
Tədbirdə “Xəzər” Azərbaycan Etnomədəni Birliyinin sədri Mahir Rzayev də çıxış edib. O, Madi Raimovun fəaliyyəti, yaradıcılığı və Türk dünyası mövzusunun təbliğinə verdiyi töhfələrdən danışıb.
Mahir Rzayevin sözlərinə görə, kitabın ən böyük dəyəri müəllifin öz qızı ilə bağlı şəxsi hekayəsini bölüşməyə cəsarət göstərməsi və bu hekayə vasitəsilə müxtəlif xəstəliklərlə üzləşən bütün uşaqlara müraciət etməsidir. O vurğulayıb ki, əsərin əsas ideyası belə uşaqlara dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və hər bir uşağın diqqətə, qayğıya və öz gücünə inama ehtiyacı olduğunu xatırlatmaqdır.
Azərbaycan icmasının kitabın nəşrinə dəstək verdiyini bildirən birlik sədri xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı xeyirxahlıq, qarşılıqlı anlaşma və diqqət hissinin aşılanmasına yönəlmiş belə mədəni təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Təqdimatda “Atalar İttifaqı” Respublika İctimai Birliyinin sədri Maksutbek Aymaqambetov, uşaq yazıçısı Zaure Turexan, “Kuntomi” inklüziv teatrının rəhbəri Botaqoz Januzakova, həmçinin ssenarist və sənədli film müəllifi Ayjan Niqmetova da çıxış ediblər.
Onlar vurğulayıblar ki, kitab təkcə uşaqlar üçün deyil, valideynlər üçün də nəzərdə tutulub. Onların sözlərinə görə, əsər böyüklərə uşağın daxili aləmini, hisslərini, qorxularını və dəstəyə olan ehtiyacını daha yaxşı anlamağa kömək edir.
“ Aelin – qəlbində nur daşıyan qız” kitabı qorxularına qalib gəlməyi, özünə inanmağı və ən qaranlıq gecədə belə nuru tapa bilməyi öyrənən bir qızın səmimi və ilhamverici hekayəsindən bəhs edir. Əsərdə xeyirxahlıq, daxili güc, ümid və özünəinam kimi mövzular ön plana çıxır.
Təqdimat çərçivəsində müəlliflə görüş keçirilib və oxucularla ünsiyyət təşkil olunub. Tədbir iştirakçıları yazıçıya suallar ünvanlamaq və ondan avtoqraf almaq imkanı əldə ediblər.