Astarada əsas kapitala yönəldilmiş investisiyanın həcmi açıqlanıb
Astara, 23 may, İlkin Adıyev, AZƏRTAC
Astarada cari ilin yanvar-mart aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2100,3 min manat vəsait yönəldilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildirilib.
Ümumi sərmayənin 647,4 min manatı məhsul istehsalı obyektlərinin, 1067,4 min manatı xidmət sahələri üzrə obyektlərin, 385,5 min manatı isə ümumi sahəsi 1374 kvadratmetr olan fərdi yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin 1530,1 min manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Ümumi sərmayənin 33,8 faizi dövlət, 66,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
2023-cü ilin birinci rübündə tikinti müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yerinə yetirilən tikinti işlərinin həcmi 655,4 min manat olub. Ümumi tikinti işlərinin 45,6 faizini tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 49,6 faizini cari təmir, 4,8 faizini isə sair işlər təşkil edib.
Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilən ümumi tikinti işlərinin 49,6 faizini, 50,4 faizini isə qeyri-dövlət tikinti müəssisələri həyata keçiriblər.