Astarada Zəfər Gününə həsr olunmuş məktəblilər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
Astara, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş məktəblilər arasında şahmat turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən turnirdə Astara şəhər 1, 2, 3, 4, 5 nömrəli və Siyəku kənd tam orta məktəblərinin, eləcə də Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin komandaları qələbə uğrunda mübarizə aparıblar.
Turnirin yekun nəticələrinə əsasən, Astara şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci, şəhər 1 nömrəli tam orta məktəbin komandası ikinci, şəhər 5 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər.
Yarışda şəxsi nəticələrinə görə Əli Səlimzadə (Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbi), Ramiz Səlimzadə (Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbi), Zeynlabiddin Dadaşzadə (Astara şəhər 2 nömrəli tam orta məktəb), Zəhra Nəcəfzadə (Astara şəhər 4 nömrəli tam orta məktəb), Zəhra Əliyeva (Astara şəhər 5 nömrəli tam orta məktəb) fərqləniblər.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Beynəlxalq dərəcəli hakim Azər İbrahimov, rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Ələskər Əsgərov və başqaları yarış iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından danışıblar.
Qaliblərə diplomlar təqdim edilib.