Astaralılar Heydər Əliyevin xatirəsini anmışlar
Astara, 10 may (AZƏRTAC). Mayın 10-da Astara şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş mərasimdə ulu öndərin xatirəsi böyük məhəbbətlə anılmışdır.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sərhədçilər, gömrük işçiləri, müharibə və əmək veteranları, dini icmaların nümayəndələri, təhsil, mədəniyyət və səhiyyə işçiləri, ictimaiyyətin təmsilçiləri ümummilli liderin abidəsi önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və şərəfli ömür yolunu əks etdirən eksponatlar və foto-şəkillərlə tanış olmuş, onun Astara rayonuna səfərləri ilə bağlı sənədli filmə tamaşa etmişlər.
Sonra rayon icra hakimiyyətində keçirilən toplantıda icra hakimiyyətinin başçısı Taleh Qaraşov “Ulu öndər Heydər Əliyev müstəqil dövlətimizin memarı və qurucusudur” mövzusunda məruzə etmişdir.
Məruzəçi Heydər Əliyevin 1970-1980-ci illərdə ölkədə gördüyü işlər və müstəqillik dövründə Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında və inkişafında, ölkənin suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, irimiqyaslı və uzunmüddətli layihələrin hazırlanmasında əvəzolunmaz xidmətləri haqqında söhbət açmışdır. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda aparılan genişmiqyaslı layihələr nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini vurğulamışdır. Qeyd etmişdir ki, dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu əməli şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünüidarəetmə bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.
Toplantıda çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyatımızın bütün sahələrində qazanılmış uğurlardan danışmış, ulu öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu vurğulamış, adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, onun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını diqqətə çatdırmışlar.
Tədbirdə Yeni Azərbaycan Partiyasına qəbul edilmiş gənclərdən bir qrupuna partiya biletləri təqdim edilmişdir.
Mərasim iştirakçıları Heydər Əliyev parkında keçirilən ənənəvi “Kitab bayramı”nda və “İstedad-2011” festivalının qaliblərinin iştirakı ilə təşkil olunmuş yekun konsertində iştirak etmişlər.
Rayonun musiqi kollektivləri parkda konsert proqramı ilə çıxış etmişlər.
Bayram atəşfəşanlıqla yekunlaşmışdır.