ATAHOLDİNQ MİNGƏÇEVİRDƏ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, AtaHoldinq ASC və AtaBank ASC müşahidə şuralarının sədri Ahmet Erentok görüşdə çıxış edərək, Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit iqtisadi şərait yaradıldığını bildirmiş, iş adamlarının bu əlverişli şəraitdən bəhrələnərək ölkəmizin iqtisadiyyatının inkişafı üçün yorulmadan çalışmalarının zəruriliyini vurğulamışdır. O, həmçinin holdinqin yeni konsepsiyası haqqında məlumat vermişdir. Bu konsepsiyaya görə müəssisələrin elə bir birləşməsi həyata keçirilir ki, bunun nəticəsində alınan mənfəət həmin müəssisələrin müstəqil fəaliyyətdən əldə edəcəyi mənfəətdən qat-qat artıq olacaqdır. Natiq vurğulamışdır ki, konsepsiyanın həyata keçirilməsi üçün holdinqə daxil olan şirkətlərin regionlarda fəaliyyətlərini genişləndirmək niyyətindəyik.
A.Erentok bildirmişdir ki, AtaBank iş adamlarının ən əsas problemlərindən biri olan girov məsələsinə mümkün qədər yumşaq yanaşmağa çalışır, qanunvericiliyin yol verdiyi çərçivədə girov məsələsinin qarşılıqlı anlaşma ilə həll edilməsinə səy göstərir. O demişdir: “Xüsusilə vurğulamaq istəyirəm ki, AtaBank sığorta şirkətlərindən biri ilə imzaladığı müqavilə əsasında, girov qoya bilmədiyinə görə kredit ala bilməyən qaçqın və məcburi köçkünlər üçün Sahibkarlığa Kömək Milli Fondunun qaydaları ilə mikrokreditləri sığortalayaraq, girovsuz paylamağa başlayacaqdır. AtaBankın kredit yarmarkasında sahibkarlara bankdan kredit əldə etmək qaydaları izah olunmuş, biznes-planların hazırlanması üzrə müvafiq tövsiyələr verilmişdir. Yarmarkada Azərbaycan Prezidentinin 4 may 2004-cü il tarixli “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərə xüsusi diqqət yetirilmişdir.
Qeyd edilmişdir ki, indiyə qədər keçirilmiş kredit yarmarkaları nəticəsində AtaBanka 114 milyard 140 milyon manat məbləğində 1460 kredit sifarişi daxil olmuşdur. Həmin sifarişlərdən 633-nə müsbət rəy verilmişdir ki, onların da ümumi həcmi 28 milyard 250 milyon manat təşkil edir. Müsbət rəy verilmiş layihələrdən 140-na isə artıq 9 milyard 203 milyon manat məbləğində kredit verilmişdir.