ATASININ OĞLU
AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən yarım ay keçməsinə baxmayaraq, dost və qardaş ölkənin kütləvi informasiya vasitələrində hələ də bu səfər haqqında siyasi şərhlər, analitik məqalələr çap olunmaqdadır. Azərbaycanı yaxından tanıyan professor, tarix elmləri doktoru Yəhya Daşdələnin nüfuzlu “Öndər” qəzetində yer alan “Atasının oğlu” sərlövhəli məqaləsini təqdim edirik.
ATASININ OĞLU
Bu məqaləni yazarkən, görəsən, həqiqi qiyməti verə biləcəmmi, – deyə çox həyəcanlandım, təşvişə düşdüm. Bir insanın atasının bütün nəcib və ali xüsusiyyətlərini mənimsəməsi və ona layiq olması genetik amil olsa belə, asan məsələ deyildir. Bu, yalnız Allahın lütfüdür.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Türkiyəni və Ankaranı şərəfləndirərək, ölkənin ictimai həyatında xroniki hal almış mübahisələri, siyasi mühiti xeyli dəyişdirərək sevinc gətirdi və bir neçə gün bizim rahat nəfəs almağımızı təmin etdi. Şəxsiyyəti, dünyagörüşü ilə dünyəvi, demokratik və hüquqi bir dövlətin başçısının bütün müdrik keyfiyyətlərini özündə cəmləşdirərək o, bəzi siyasətçilərimizə nümunə oldu. Türk ictimaiyyəti, türk xalqı onunla fəxr etdi. Türkiyə Böyük Millət Məclisindəki nitqi sosial, siyasi və iqtisadi proqram kimi, Türkiyə parlamentində deputatların ayağa qalxaraq bu nitqi ciddiyyətlə və səmimiyyətlə alqışlamasına səbəb oldu və bir daha göstərdi ki, İlham Əliyev həqiqətən də “Atasının oğlu” deyiminin bütün hikmətanə fəzilətinə layiqdir.
Böyük siyasi xadimin, milli qəhrəmanın, dövlət və cümhuriyyət qurucusunun, Azərbaycanın Atatürkünün – Heydər Əliyevin oğlu olmaq bir təsadüf deyil – alın yazısıdır. Belə bir şəxsiyyətin oğlu olmaq böyük hadisədir. Ancaq Prezident İlham Əliyev atasının kölgəsində qalmayacağını qısa zamanda atdığı müdrik siyasi addımlarla bütün türk aləminə nümayiş etdirmiş, böyük siyasətçi kimi hörmət və ehtiram qazanmışdır.
Dövlət qurucusunun, milli qəhrəmanın oğlu olmaq həqiqətən də çətin işdir. Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri zamanı bir daha isbat etdi ki, o, dərin təcrübəsi olan bir siyasətçidir və atası kimi, ölkəsinə və xalqına xidmət edəcəkdir. Allaha şükür olsun ki, möhtərəm İlham Əliyev ölkədəki demokratiyanı inkişaf etdirərək qardaş Azərbaycanı daha firavan gələcəyə aparacaqdır”.