ATƏT-İN NAZİRLƏR ŞURASI DAĞLIQ QARABAĞA DAİR BƏYANAT QƏBUL ETMİŞDİR
“ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri və ATƏT-in hazırkı sədrinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində 2006-cı il ərzində aparılmış danışıqlar nəticəsində tərəflərin əsas prinsiplər üzrə razılığa gəlmək üçün daha yaxınlaşmaları bizi ruhlandırır.
Biz bu ilin iyulunda Sankt-Peterburqda keçirilən zirvə görüşündə “Böyük səkkizliyin” liderləri tərəfindən bu səylərin dəstəklənməsini alqışlayırıq.
Biz Ermənistan və Azərbaycan prezidentlərinin bu əsas prinsiplər barədə növbəti il ərzində mümkün qədər tez yekun razılığa gəlmələri üçün göstərdikləri səyləri gələn il daha da artırmalarında israr edirik.
Biz tərəfləri ərazilərdə yanğınların dayandırılması və onların fəsadlarının aradan qaldırılması məqsədi ilə beynəlxalq ictimaiyyətin köməyi ilə ekoloji əməliyyatlar aparılması üçün əməkdaşlığın genişləndirilməsinə çağırırıq. Bu tədbirlər tərəflər arasında etimadın bərpa edilməsi üçün əhəmiyyətli addım ola bilər. ATƏT buna kömək göstərməyə hazırdır.
Biz, eyni zamanda, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinə və onun regiondakı missiyasına, xüsusən də onların Ekoloji Qiymətləndirmə Missiyasına və atəşkəsin davam etməkdə olan monitorinq fəaliyyətinə dəyişməz dəstəyimizi ifadə edirik. Biz cəbhə xətti boyunca vaxtaşırı baş verən və insanların həyatını itirməsi ilə nəticələnən insidentlərdən təəssüflənir və hər iki tərəfi atəşkəsə sayıqlıqla riayət etməyə çağırırıq”.