ATƏT PA-NIN NÜMAYƏNDƏLƏRİ TƏKRAR SEÇKİLƏRİN DEMOKRATİK VƏ ŞƏFFAF KEÇƏCƏYİNƏ İNANIRLAR
B.Muradova demişdir ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT və onun qurumları ilə əlaqələrin inkişafında maraqlıdır. Ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması, demokratiyanın inkişafı, Avropaya inteqrasiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı ATƏT-lə sıx əməkdaşlıq edirik.
Milli Məclis sədrinin müavini bu cür səfərlərin ölkəmiz haqqında daha doğru məlumatların əldə olunması və ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayaraq, mayın 13-də keçiriləcək təkrar seçkilər barədə ətraflı məlumat vermiş, bu siyasi aksiyanın tam demokratik, azad və şəffaf keçiriləcəyinə əminliyini söyləmişdir.
Portuqaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Joao Soares demişdir ki, Azərbaycana ikinci dəfədir gəlir və əvvəlki səfərindən ötən 4 il ərzində baş vermiş müsbət dəyişikliklər onu valeh etmişdir. Ölkədə dinamik inkişaf var. Səfərimizin məqsədi təkrar seçkiləri müşahidə etmək olsa da, hesab edirik ki, gəlişimiz ikitərəfli əlaqələrin inkişafı baxımından da əhəmiyyətli olacaqdır. İnanırıq ki, təkrar seçkilər tam demokratik və şəffaf keçiriləcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi olmuşdur.