Atlanta aeroportunda on minlərlə sərnişin yığılıb qalıb VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşən Hartsfield-Jackson beynəlxalq aeroportunun elektrik təchizatı tam bərpa olunub. Lakin aeroportun bir müddət işləməməsi səbəbindən burada on minlərlə sərnişin yığılıb qalıb.
AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, dünən yerli vaxtla saat 13:00-da elektrik kollektorunda baş verən yanğın nəticəsində aeroportun elektrik təchizatı tam kəsilib. Nəticədə hava limanının işi saatlarla dayanıb, mindən çox aviareys ləğv olunub, on minlərlə sərnişin isə təyinat yerinə çata bilməyib.
Daxili reysləri həyata keçirən təyyarələr uçuş meydançasını tərk edə bilməyib, aeroporta enməli olan beynəlxalq reyslər isə digər hava limanlarına yönəldilib.
Hartsfield-Jackson aeroportu uçuş və enişə, həmçinin sərnişin axınına görə dünyanın ən yüklü hava limanı sayılır. O, hər gün 250 min sərnişinə və 2,5 min təyyarəyə xidmət göstərir.