ATU-nun əcnəbi məzunları işlə təmin olunmuşlar
Bakı, 31 yanvar (AZƏRTAC). 2012-2013-cü tədris ilində Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsini bitirmiş səkkiz nəfər İran vətəndaşı öz diplomlarını tanıtdırmışlar.
Onlar Ulumpayə imtahanlarını müvəffəqiyyətlə vermiş və işgüzar həyata qədəm basmışlar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin xarici tələbələrlə iş üzrə dekanı Gülər Seyidova məlumat vermişdir.
G.Seyidova bildirmişdir ki, 2012-2013-cü tədris ilində ATU-nun stomatologiya fakültəsini bitirən 86 nəfər İran vətəndaşının əksəriyyəti həmin imtahanlardan uğurla keçmişdir. Bir sıra xarici ölkələr - Hindistan, Filippin və Ukrayna universitetlərindən məzun olan gənclərə nisbətən Azərbaycanda təhsil alan iranlı məzunlar daha çox fərqlənmişlər. Onların uğuru Tehran Universitetinin müəllimləri tərəfindən də xüsusilə qeyd olunmuşdur. Məzunların hamısı işlə təmin edilmişdir.
Bildirilmişdir ki, hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə tələbə təhsil almaq üçün Azərbaycan Tibb Universitetinə müraciət edir. Onlar bir il hazırlıq kursları keçdikdən sonra universitetin müxtəlif fakültələrində təhsillərini davam etdirirlər. Universitetdə dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır. Tələbələr bu dillərdə olan yeni dərsliklərlə təmin olunmaqla yanası, universitetin tibbi kitabxanasından və internet şəbəkəsindən də geniş səkildə istifadə edirlər.
Hazırda universitetdə 19 xarici ölkədən min nəfərə yaxın tələbə təhsil alır.
G.Seyidova bildirmişdir ki, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov daim əcnəbi tələblərlə görüşlər təşkil edir, onların təklif və rəylərini dinləyir. Xarici ölkələrdən olan tələbələr sonradan öz ölkələrinə ali ixtisaslı mütəxəssis kimi qayıdırlar. Bu gün ATU-nun məzunları dünyanın 28 ölkəsində çalışırlar.