Audiovizual Şura “Muz TV Azərbaycan”a xəbərdarlıq edib
Bakı, 22 fevral, AZƏRTAC
2023-cü il fevralın 22-də Audiovizual Şuranın yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.
Audiovizual Şuradan AZƏRTAC-a bildirilib ki, iclasda "MTV" televiziya redaksiyasının (kanalının) efirində 2023-cü il fevralın 20-də saat 12:00-14:45 arası yayımlanan "Ümid ilə gəl" proqramında qeydə alınmış "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunub.
Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 13:25-də) aparıcı Tarix Əliyev tərəfindən barəsində şikayət edilən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında "Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də...Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən buraya şikayət edir, neyniyəssən? Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz...kimdi dalında duran?" ifadələr səsləndirib. Bundan başqa, (saat 13:36-da) yenə də aparıcı Tarix Əliyev tərəfindən qeyd olunan mövzu davam etdirilərkən "...kimdi e bunun daydayı... guya “uçastkovu” bilmir? Onda “uçastkovu”nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli..." ifadələri səsləndirib.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura peyk yayımı həyata keçirən platforma yayımçısı "Muz TV Azərbaycan" MMC-yə ("MTV" televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə, ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq olunması barədə qərar qəbul edib.