SİYASƏT
“Auditoriyada səfirdir” layihəsi çərçivəsində növbəti görüş Azərbaycan diplomatları ilə keçirilmişdir
Bakı, 9 iyul (AZƏRTAC). İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin “Auditoriyada səfirdir” layihəsi çərçivəsində növbəti görüş təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Pakistan, Cənubi Afrika Respublikası və Misirdəki səfirləri Daşqın Şikarov, Elxan Poluxov, Şahin Abdullayev, Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev iştirak etmişlər.
Elman Abdullayev Bakıda keçirilən diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi haqqında məlumat vermişdir. Bildirmişdir ki, iki ildən bir keçirilən müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər, gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.
Şahin Abdullayev Azərbaycanın ərəb dünyası və İslam ölkələri ilə gündən-günə genişlənən əlaqələri haqqında məlumat vermişdir.
Elxan Poluxov son illər Azərbaycanın Afrika ölkələri, xüsusilə Cənubi Afrika Respublikası ilə münasibətlərinin inkişaf etdiyini söyləmiş və əməkdaşlığın perspektivlərindən danışmışdır.
Daşqın Şikarov Azərbaycan ilə Pakistan arasındakı dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkədə həyata keçirilən xeyriyyə tədbirlərindən bəhs etmişdir.
Nəsimi Ağayev Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə bağlı görülən işlər, xüsusilə Kaliforniya ştatında və onun Los- Anceles şəhərində bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Sonda diplomatlar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.