Avqustun ortasında qar və dağ çiçəkləri: Kəlbəcər yaylaqlarından FOTOREPORTAJ VİDEO
Kəlbəcər, 13 avqust, AZƏRTAC
Təqvim avqust ayını göstərsə də, Kəlbəcər yaylaqlarında təbiət sanki fəsillərin sərhədini tanımır. Bir tərəfdə al-əlvan çiçəklərə bürünmüş yaşıl çəmənlər, digər tərəfdə isə hələ də əriməyən qar və buzlaqlar... Burada yay ortasında belə baharın təravəti ilə qışın izləri eyni mənzərədə qovuşur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağ yamaclarını bəzəyən lalələr, çobanyastıqları və rəngarəng dağ çiçəkləri yaylaqlara xüsusi gözəllik verir.
Çəmənliklərdən bir qədər yuxarıda isə təbiətin başqa bir möcüzəsi yaşanır: qışdan qalan qar və buz örtüyü günəşin istisi ilə tədricən əriyir. Qarın altından süzülən büllur sular qayaların arasından süzülərək kiçik dağ çaylarına, hündürlükdən tökülərək bəzən gur şəlalələrə çevrilir. Dağların qoynundan başlayan bu axarlar Kəlbəcərin coşqun çaylarını bəsləyən həyat damarlarıdır.
Suyun şırıltısı, çiçəklərin rəngi, yaşıl çəmənlərin ətri və qarla örtülü zirvələr Kəlbəcər təbiətinin nə qədər zəngin və özünəməxsus olduğunu bir daha nümayiş etdirir.
Bəli, Kəlbəcərdə avqust sadəcə yay ayı deyil. Burada tək bir mənzərədə baharın çiçək açışını, yayın hərarətini və qışın soyuq nəfəsini eyni anda hiss etmək mümkündür. Qar hələ də əriyir, çiçəklər isə açmaqda davam edir...