Naxçıvanın hərtərəfli inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir ŞƏRH
Bakı, 13 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın inkişafına dövlət səviyyəsində göstərilən ardıcıl və məqsədyönlü diqqətin növbəti mühüm göstəricisi oldu. Səfər çərçivəsində həyata keçirilən layihələrin açılışında iştirakı, yeni obyektlərin təməlinin qoyulması və müxtəlif sahələrdə görülən işlərlə tanışlığı Naxçıvanın hərtərəfli inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bir daha nümayiş etdirdi. Enerji, sosial, nəqliyyat və infrastruktur sahələrində reallaşdırılan layihələr Naxçıvanın iqtisadi potensialının gücləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə hesablanıb. Səfərin ardınca Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün yeni vəsaitin ayrılması isə bu siyasətin davamlılığını və qarşıdakı dövr üçün yeni inkişaf mərhələsinin başladığını göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı Sərəncamla 258 milyon manat vəsaitin ayrılması Naxçıvanın inkişafına dövlət səviyyəsində göstərilən ardıcıl və məqsədyönlü diqqətin növbəti mühüm göstəricisidir.
Bu vəsait təsadüfi və birdəfəlik maliyyə dəstəyi deyil. Ayrılan məbləğ mövcud dövlət proqramlarının, o cümlədən 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramının davamı kimi Naxçıvanın sosial-iqtisadi inkişafının yeni mərhələsini təmin edəcək.
"Maliyyənin enerji, yol-nəqliyyat, təhsil, mənzil-kommunal və abadlıq sahələrinə yönəldilməsi Naxçıvanın inkişafının kompleks şəkildə həyata keçirildiyini göstərir. 15,6 MVt gücündə Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və “yaşıl enerji” siyasətinin genişləndirilməsinə xidmət edir.
Bununla yanaşı, 420 kilometr kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmiri 26 yaşayış məntəqəsində 156,3 min nəfərin gündəlik həyatına birbaşa təsir göstərəcək. İctimai nəqliyyat parkının yenilənməsi isə sərnişindaşımanın keyfiyyətini və təhlükəsizliyini artıracaq",- deyə Ə. Məhərrəmzadə vurğulayıb
Deputat əlavə edib ki, təhsil və sosial infrastruktur da diqqətdən kənarda qalmır. Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının, 640 yerlik 5 yeni uşaq bağçasının tikilməsi gələcəyə, insan kapitalına və sosial rifaha qoyulan sərmayədir. 161 yaşayış binasının və istilik qazanxanalarının əsaslı təmiri isə minlərlə ailənin yaşayış şəraitinin yaxşılaşdırılmasına imkan verəcək.
Bütün bunlar bir daha göstərir ki, Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 258 milyon manatlıq yeni vəsait enerji təhlükəsizliyindən nəqliyyata, təhsildən sosial infrastruktura qədər geniş sahələri əhatə etməklə muxtar respublikanın daha dayanıqlı və müasir inkişafına mühüm töhfə verəcək.