Sıfır tullantı yanaşması Türkiyədə idmanın bütün sahələrinə yayılır
İstanbul, 13 avqust, AZƏRTAC
Türkiyə Milli Olimpiya Komitəsi (TMOK) ilə Sıfır Tullantı Vəqfi arasında idman ictimaiyyətində sıfır tullantı və bu istiqamətdə davamlılığın yayılması məqsədilə əməkdaşlıq protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, protokolu vəqfin rəhbəri və COP31 Yüksək Səviyyəli İqlim Çempionu Samed Ağırbaş ilə TMOK-un prezidenti Veli Ozan Çakır imzalayıblar.
Əməkdaşlıq çərçivəsində idman obyektlərində tullantıların mənbəyində çeşidlənməsi, təkrar emalın inkişafı, resurslardan səmərəli istifadə və israfın azaldılması istiqamətində tədbirlər görüləcək. Milli və beynəlxalq yarışlarda, düşərgələrdə və digər idman tədbirlərində ekoloji maarifləndirmə və davamlı istehlak vərdişlərinin təşviqi həyata keçiriləcək.
Həmçinin, idmançılar, məşqçilər, federasiya nümayəndələri və idman idarəçiləri üçün sıfır tullantı və davamlılıq mövzusunda təlim, seminar və maarifləndirmə proqramları təşkil olunacaq. Pilot idman obyektləri və nümunəvi tədbirlər vasitəsilə sıfır tullantı tətbiqlərinin genişləndirilməsi planlaşdırılır.
İki il müddətinə qüvvədə olacaq protokolla idmanın yalnız fiziki və sosial inkişafa deyil, ətraf mühitin davamlılığına da töhfə verən sahəyə çevrilməsi və sıfır tullantı yanaşmasının olimpiya hərəkatında daha geniş tətbiqi hədəflənir.