Mahir Emreli: Ümid edirəm ki, “Hammarbü” ilə ilk matçdakı səhvlərimi düzəldəcəyəm
Bakı, 13 avqust, AZƏRTAC
“Rakuv” və “Hammarbü” təxminən eynisəviyyəli komandalardır. Bu mənada bizi maraqlı və baxımlı qarşılaşma gözləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Polşanın “Rakuv” komandasının futbolçusu Mahir Emreli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İsveçdə “Hammarbü”yə qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı hücumçu matça ciddi hazırlaşdıqlarını bildirib: “Pley-offa adlamaq üçün yaxşı şansımızın olduğunu düşünürəm. Çox sirri açmaq istəmirəm, amma qaydaları bilirik və necə oynamalı olduğumuzu dəqiq anlayırıq. Ümid edirəm ki, hər şey bizim xeyrimizə olacaq”.
Təcrübəli forvard İsveç təmsilçisinin güclü tərəflərinə də toxunub: “Hammarbü” yaxşı təşkil olunmuş komandadır. Topla necə davranmaq lazım olduğunu yaxşı bilirlər. Sürətli və keyfiyyətli oyunçuları var, topa nəzarət etməyi sevirlər. Amma biz də buna uyğun plan hazırlamışıq. Matçdan əvvəl gözləntilər barədə danışmağı sevmirəm. Bizim işimiz məşq etmək, meydanda və meydandan kənarda qaydalara əməl etməkdir. Doğru yolda olduğumuzu bildikdə nəticələrin də gələcəyinə inanıram”.
Mahir Emreli “Hammarbü” ilə ilk oyundakı qol fürsətlərindən yararlana bilmədiyini etiraf edib: “Ümid edirəm ki, ilk matçdakı səhvlərimi düzəldə biləcəyəm. Təəssüf ki, qol epizodlarından yararlana bilmədim. Oyunla ilə bağlı nikbinəm. Çünki çox yaxşı hazırlaşmışıq”.
O, süni örtüklü meydançada oynamağın özü üçün yenilik olmayacağını vurğulayıb: “Bu cür arenalara öyrəşmişəm. Son bir neçə ildə belə meydançalarda oynamasam da, Azərbaycanda da süni örtüklü bir neçə meydança var. Ona görə də bu, mənim üçün yenilik deyil. Hər iki komanda üçün şərait eyni olacaq. “Hammarbü”nün bəlkə də yeganə üstünlüyü hər gün bu meydançada məşq etməsidir. Amma düşünmürəm ki, bu, matçın taleyini həll edən amil olacaq”.
Daha əvvəl Polşada “Legiya”nın formasını geyinmiş futbolçu yenidən bu ölkəyə qayıtdığı üçün şad olduğunu bildirib: “İndi də “Rakuv”da əlimdən gələni etməyə çalışıram. Komandadə məni çox yaxşı qarşıladılar. Əvvəllər Polşada oynamışam və hər şeyin necə işlədiyini dəqiq bilirəm. Özümü komandada yaxşı hiss edirəm. İnanıram ki, “Rakuv”un uğur qazanmasında öz töhfəmi verə biləcəyəm”.
Qeyd edək ki, bu gün keçiriləcək “Hammarbü” – “Rakuv” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.