Naxçıvan Sənaye Parkı məhsul istehsalının artmasına imkan yaradacaq - ŞƏRH
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində bir sıra mühüm tədbirlərlə yanaşı Naxçıvan Sənaye Parkının təməlini qoyması region iqtisadiyyatının inkişafına əsaslı təkan verəcək. Burada yaradılması nəzərdə tutulan istehsal və emal müəssisələri kəndə əhalisinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində atılacaq səmərəli addım olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Bəhruz Bayramov deyib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var.
“Sənaye parkında yaradılacaq emal müəssisələri şəxsi təsərrüfatlarda istehsal olunan xammalı emal edib bazara çıxara bilər. 2025-ci ildə Naxçıvanda 402,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Ötən il bitkiçilik məhsullarının dəyəri 223,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 179,2 milyon manat təşkil edib. Yeni yaradılan Naxçıvan Sənaye Parkı bu rəqəmlərin real olaraq artmasına şərait yaradacaq. Naxçıvanın Ordubad və Şahbuz rayonlarında meyvəçilik, Şərur, Kəngərli və Culfa rayonlarında taxılçılıqla yanaşı bostan bitkilərinin yetişdirlməsi üçün münbit iqlim şəraiti və su təminatı var. Bununla yanaşı muxtar respublikanın hər bir rayonunda fermer və şəxsi təsərrüfatlarda heyvandarlıq inkişaf etdirilib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əhali istehsal etdiyi heyvandarlıq və bitkiçilik məhsullarını sənaye parkında fəaliyyət göstərən emal müəssisənə sataraq gəlir əldə bilər. Emal müəssisəsi isə süd və süd məhsullarını, ət və ət məhsullarını emal edib bazara çıxarar”, - deyə ekspert vurğulayıb.
Kənd təsərrüfatının inkişafının sənayenin də inkişafına təkan verdiyini deyən Bəhruz Bayramov əlavə edib ki, keyfiyyətli məhsul istehsal olunduğu təqdirdə onu nəinki yerli, eyni zamanda, xarici bazarlara da çıxarmaq olar: “Bunun üçün də dövlət tərəfindən imkanlar yaradılıb. Zəngəzur dəhlizinin istifadəyə verilməsi məhsul ixracı üçün böyük imkanlar yaradır. Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamı ilə 258 milyon manat vəsaitin ayrılması isə xüsusilə əhəmiyyətlidir. Əhalinin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayan dövlət başçısının ayırdığı bu vəsait digər infrastruktur layihələr ilə yanaşı 420 kilometr uzunluğunda kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmirinə yönələcək ki, bu da 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edir. Yolları təsadüfən iqtisadiyyatın qan damarları hesab etmirlər. Yol infrastrukturu istər kənd təsərrüfatı, istərsə də sənaye və iqtisadiyyatın digər sahələrinin inkişafı üçün stimul yaradır”.