AVROPA AŞIQ ƏDALƏTİN SAZINI DİNLƏYİR
Avropanın bir neçə ölkəsindəki konsertlərdən sonra Amerika Birləşmiş Ştatlarında qastrol səfərində olan ustad aşıq Ədalət Nəsibov, habelə Aydın Əliyev (qarmon), Səttar Fazili (dəf) yenidən Avropaya qayıtmışlar. İyulun 12-də onlar Parisin “Adyar” salonunda geniş konsert proqramı ilə çıxış etmişlər. Aşıq Ədalətin ifasında səslənmiş “Ruhani”, “Yanıq Kərəmi”, “Sarıtel” saz havaları musiqisevərlər tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Aydın Əliyevin qarmonda ifa etdiyi “Mirzəyi”, “Xalabacı”, “Uzundərə”, “Sabirabadi”, “Cığatayi” oyun havaları da böyük maraq doğurmuşdur.
AZƏRTAC-ın müxbiri konsertdən sonra fransız dinləyicilərindən təəssüratlarını bölüşməyi xahiş etmişdir.
İNQRİD JONET: Mən Azərbaycanın zəngin musiqi folkloru barədə çox eşitmişəm. Bu axşam aşıq Ədalətin ifasında dinlədiyim saz havaları məndə xoş təəssürat yaratdı, Azərbaycan xalqının zəngin və qədim mədəniyyətə, incəsənətə malik olduğuna bir daha əmin oldum. Aşığın musiqi nömrələrini özünəməxsus tərzdə, böyük məharətlə ifa etməsinə heyran qaldım.
BRUNO ASTRÜK: Aşıq Ədalətin ifaçılıq tərzi, haradasa, mənə bizim trubadurları xatırlatdı və folklorlarımız arasında bir qədər oxşarlıq olması fikri yaratdı. Xalqınızın zəngin irsinin avropalılara çatdırılması və ölkəniz barədə onlarda geniş təsəvvür yaradılmasında belə konsertlər mühüm rol oynayır, ölkələrarası mədəni əlaqələrin inkişafına kömək edir. Səfirliyinizin təşəbbüsü ilə Parisdə təşkil olunmuş belə konsertlərin sayını artırmaq lazımdır.
Aşıq Ədalət Fransanın bir neçə şəhərində konsertlərdən sonra İtaliya, Almaniya, Belçika və İsveçrəyə yola düşəcəkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris