AVROPA BİRLİYİ FÖVQƏLADƏ PROQRAMI UĞURLA HƏYATA KEÇİRİR
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, 1997-2001-ci illərdə AB-nin I və II tranşları üzrə ayrılmış 20 milyon avrodan bir neçə obyektin yenidən qurulmasında səmərəli istifadə olunmuşdur. III tranş üzrə bərpa işləri Azərbaycan Milli Kitabxanasında, Bakı şəhərindəki 9 tibb müəssisəsində aparılır. 3 nömrəli Sabunçu xəstəxanasının bərpası üzrə tender keçiriləcəkdir.
Bu obyektlərin bərpasına 4 milyon avro ayrılmışdır. Bərpa işləri ilə yanaşı, tibb ocaqları müasir avadanlıq, mebellə təchiz olunacaqlar. Eyni zamanda, Baki radioaktiv tullantılar mərkəzinin yenidən qurulması həyata keçirilir.
AB-nin Proqramında kimsəsiz və əlil uşaqlar üçün 9 internat məktəbin və xüsusi müəssisənin bərpasına, texnoloji avadanlıqla və mebellə təchizatına xüsusi yer verilmişdir. Bu işlərin icrasına 2 milyon avro ayrılmışdır. Həmin obyektlərin 5-də bərpa işləri başa çatmaq üzrədir. Qalan 4 müəssisə, eləcə də Şəki, Qəbələ, Qax, Ağdaş, Göyçay, İsmayıllı rayonları və Naxçıvan MR-nın Şərur rayonunda 3500 metr uzunluğunda sahilbərkitmə işlərinin aparılması üzrə keçirilən tenderlərin nəticələrinə Avropa Komissiyasında baxılır. Bundan əlavə, Proqram çərçivəsində 5 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması üzrə tender keçirilməsi nəzərdə tutulmuşdur.